Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması haqqında Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə paytaxt Bakı şəhərinin siması əsaslı şəkildə dəyişmiş, şəhər beynəlxalq miqyasda daha geniş tanınmış və turistlər üçün cəlbedici məkanlardan birinə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” (Baş Plan) Bakının müasir şəhərsalma prinsipləri əsasında daha da inkişaf etdirilməsini, rahat və inklüziv yaşayış mühitinin yaradılmasını, sosial və mədəni həyatın inkişafına xidmət edən məkanların formalaşdırılmasını nəzərdə tutur. Baş Plana uyğun olaraq yenidən qurulması nəzərdə tutulan ərazilərin inkişafı üzrə müəyyənləşdirilmiş hədəflər yerli və xarici investorların (investorlar) əlavə marağına səbəb olaraq, konkret investisiya təkliflərinin irəli sürülməsini təşviq etmişdir.



